
Qışın gətirdiyi xəstəliklər
Xəstəliklər əsasən isti fəsillərdə yerli soyuqdəymə nəticəsində və kondisionerlərin
təsirindən, soyuq fəsillərdə isə yelçəkərdə oturduqda və baş geyimlərindən istifadə etmədikdə
yaranır. Məhz bu faktorlar burun, boğaz və qulaq xəstəliklərinin yaranmasına səbəb olur. Bütün
bunlarla yanaşı qışda hamımızın immuniteti aşağı düşür (xüsusilə də uşaqlarda), orqanizm virus infeksiyalarına qarşı həssas olur, hava-damcı yolu ilə aerogen infeksiyalara asanlıqla yoluxur və nəticədə əziyyət
çəkən lor-orqanları olur. İmmunitet aşağı düşdükdə viruslar fərqli-fərqli formalarda rastımıza çıxır və şərait yaranan kimi öz təsirlərini göstərməyə başlayır və bəzən aylarla davam edir.
İlk növbədə kəskin rinit və yaxud da sadəcə zökəm. Zökəm bütün fəsillərdə rast gəlinən bir
xəstəlikdir. Zökəm müalicəsiz qaldıqda müxtəlif lokalizasiyalı sinusitlərlə - haymorit, frontit və
etmoiditlə ağırlaşır. Bunlar da öz növbəsində orta qulağın iltihabı – otitlə nəticələnir. Bunlarla
yanaşı ilkin əlamətləri udlağın selikli qişasının qızartısı, boğazda acışma, “tikə qalma” hissiyyatı,
daha sonra isə temperaturun yüksəlməsi olan kəskin faringitə də tez-tez rast gəlinir. Həmçinin
tonzillit, laringit, traxeiti də bu sıraya daxil etmək olar.
Xəstəliklərdən qorunmaq üçün soyuq aylarda həkimlər immun sistemi qoruyan dərman
preparatları təyin edirlər. Bu sadəcə yerli təsir göstərən preparatlar və həmçinin ümumi
orqanizmə təsir göstərən immunstimulyatorlar da ola bilər. Məsələn exinaseya tərkibli
dərmanlar, dəmləmələr və s. Həmçinin qripə qarşı peyvənd də almaq çox yaxşı olar. Həkimlər
isə müalicə üçün tətbiq olunan ev prosedurlarının əvəzedilməz olduğunu bildirirlər.
Öskürək əleyhinə tətbiq olunan bəzi xalq təbabəti üsulları:
1 xörək qaşığı adaçayı yarpağı 1 stəkan qaynar suda dəmlənir, soyudulur. Alınmış maye
südlə bərabər nisbətdə qarışdırılır. Hər gün ilıq şəkildə ½ stəkan daxilə qəbul edilir.
İçdikdə balla qarışdıra da bilərsiniz.
200 ml qaynar suya 50 qr kişmiş əlavə edilib 30 dəqiqə müddətinə dəmdə saxlanılır.
Maye süzülür və üzərinə 3 çay qaşığı soğan şirəsi tökülüb qarışdırılır. Yatmazdan öncə
kiçik qurtumlar şəklində daxilə qəbul edilir.
Traxeit
1. 40 qr cökə çiçəyi və 60 qr aptek çobanyastığı çiçəyi xırdalanır, üzərinə 200 ml qaynar su
əlavə edilib 30 dəqiqə dəmlənir, soyudulur. Gündə 3-4 dəfə 100 ml alınmış maye ilə ağız
boşluğu yaxalanır.
2. 30-40 qr adaçayı yarpağı, 20-30 qr dazıotu otu, 20-30 qr qara gəndalaş çiçəyi və 20-30 qr
palıd qabığı qarışdırılır. 400 ml su əlavə edilib 1 saat dəmlənir. Gündə 4 dəfə 100 ml
alınmış maye ilə ağız boşluğu yaxalanır.
Otit
1 çay qaşığı nanə şirəsi, 1çay qaşığı bal, 100 ml su qarışıdırılır və odun üzərində tam həll
olana qədər qızdırılır. Gündə 2-3 dəfə 3-5 damcı ağrıyan qulağa damızdırılır.
Sinusit, haymorit
1. 300 ml kök şirəsi, 300 ml bitki yağı və 100 ml sarımsaq şirəsi qarışdırılır. Gündə 3-4 dəfə
5 damcı hər burun dəliyinə damızdırılır.
2. Turpun şirəsi çıxarılır, tampona hopdurulur və hər burun dəliyinə qoyulub 10-20 dəqiqə
müddətinə saxlanılır.
Rinit
2 xörək qaşığı bal və 1 xörək qaşığı nanə yağı qarışdırılır. Alınmış qarışıq burunun selikli
qişasına çəkilir.
Faringit
50 qr propolis və 100 ml şaftalı yağı (zeytun yağı da ola bilər) qarışdırılır. 1 həftə isti
yerdə saxlanılır. Qarışıq qaldığı müddətdə daima qarışdırılır. Daha sonra isə bununla
inhalyasiya edilir.
Tonzillit
1. 100 ml təzə sıxılmış kartof və eyni miqdarda olan quşüzümü şirəsi qarışdırılır. Gündə
100 ml 3-4 dəfə daxilə qəbul edilir.
2. 200 ml çuğundur şirəsi və ½ çay qaşığı 9%-li sirkə turşusu qarışdırılır. Gündə 4 dəfə
yeməkdən sonra boğaz bu qarışıqla yaxalanır.